Avronest PA-nın 9-cu sessiyası çərçivəsində Enerji təhlükəsizliyi komitəsinin iclası keçirilib.....

Aprelin 19-da Avronest Parlament Assambleyasının (PA) 9-cu sessiyası çərçivəsində qurumun Enerji təhlükəsizliyi komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Milli Məclisin deputatları Vüqar Bayramov, Rauf Əliyev və İltizam Yusifov iştirak ediblər.

İclasda “Enerji səmərəliliyinə, şaxələndirməyə və müstəqilliyə doğru; Avropa enerji siyasətinin möhkəmləndirilməsi imkanları və “Şərq tərəfdaşlığı” çərçivəsində enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınması” mövzusunda məruzənin təqdimatı keçirilib. Məruzə ilə bağlı çıxış edənlər enerji müstəqilliyi və təhlükəsizliyi məsələlərindən danışıb, məsələ ilə bağlı fikirlərini bildiriblər.

Gündəliyin növbəti məsələsi – “Avropa Yaşıl Paktı və onun “Şərq tərəfdaşlığı” çərçivəsində enerji təhlükəsizliyi və dayanıqlılığının artırılmasına təsirləri və imkanlar” barədə çıxış edənlər yaşıl enerjinin inkişafından, iqtisadiyyatın və enerji sistemlərinin dekarbonizasiyası problemlərindən danışaraq bu istiqamətdə mümkün əməkdaşlıq çərçivələri və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Bununla da komitənin iclası başa çatıb.

<Avronest PA-nın 9-cu sessiyası çərçivəsində Enerji təhlükəsizliyi komitəsinin iclası keçirilib.....