Hərbi ekspert: Vətən müharibəsinin qaziləri daim diqqət mərkəzindədirlər.....

Qırx dörd günlük Vətən müharibəsinin Azərbaycanın parlaq Qələbəsi ilə başa çatması, işğal altındakı torpaqlarımızın tam azad olunması ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın şanlı Qələbəsi kimi tarixə düşən İkinci Qarabağ müharibəsində bütün xalqımız sarsılmaz birlik və həmrəylik göstərdi. Biz bu müharibəni ilk növbədə şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına qazandıq. Prezident, Müzəffər Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəri, Azərbaycan zabitidir.

<Hərbi ekspert: Vətən müharibəsinin qaziləri daim diqqət mərkəzindədirlər.....

Bu fikirləri hərbi ekspert İsgəndər Quliyev AZƏRTAC-a açıqlamasında deyib.

Hərbi ekspert vurğulayıb ki, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin sosial müdafiəsinin, yaralanan qazilərimizin müalicəsinin gücləndirilməsi ilə bağlı son bir neçə ayda dövlətimizin başçısı tərəfindən silsilə fərman və sərəncamlar imzalanır. Sağlamlıqlarını torpaq uğrunda itirən qazilərimizin bütün ehtiyaclarının dövlətimiz tərəfindən ödənilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Yaralıların müalicəsi və tibbi təminatı müharibənin ilk günlərindən başlayaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsən nəzarəti altındadır. Dövlətimizin başçısının qazilərə tibbi-psixoloji yardımların göstərilməsinə dair göstərişlər verməsi mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilib, 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsinin bu protezlərlə təmin olunması onların normal həyata dönə bilməsini təmin etdi. Vətən müharibəsində yaralanan qazilərdən 59-nun müalicəsi hazırda davam etdirilir. Həmin qazilər Silahlı Qüvvələrin Baş Klinik Hospitalında və Bilgəhdəki hospitalda müalicə alırlar. Müalicəsi başa çatan 200-ə yaxın hərbi qulluqçunun sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib və onlara sosial müavinət təyin olunub. Hazırda tərxis olunmayan, ev şəraitində müalicə almaq istəyən qazilərin bəzilərinə məzuniyyət verilib. Məzuniyyətdə olduqları dövrdə də onların tibbi təminatı hospital tərəfindən həyata keçirilir. Hazırda orduda tibbi təminat və dərmanlarla təchizatla bağlı hər hansı problem yoxdur. Bütün hərbi qulluqçuların müalicəsi ciddi nəzarətdə saxlanılır.

Bu istiqamətdə həyata keçirilən işlərdə “YAŞAT” Fondunun da fəaliyyətini xüsusi vurğulayan İsgəndər Quliyev bildirib ki, Fondun dəvəti ilə Türkiyədən gələn həkimlər müalicə prosesində iştirak edir, yaxud müalicə üçün xaricə göndərilməli olan qaziləri müəyyənləşdirirlər. İndiyədək 54 qazi Türkiyəyə müalicəyə göndərilib, onlardan 4-ü sağalaraq geri qayıdıb. Bununla bağlı işlər hazırda da davam etdirilir. Ümumiyyətlə, Vətən müharibəsində digər hərbi qulluqçularımızla yanaşı, tibb işçiləri də böyük qəhrəmanlıq və şücaət göstəriblər. Müharibə zamanı 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub, 159 hərbi tibb işçisi isə yaralanıb. Hazırda azad olunmuş ərazilərimizdə dislokasiya olunan hərbi hissələrdə yeni tibb məntəqələri, eləcə də hospitallar fəaliyyətə başlayıb. Hospitallarda yaralılara fasiləsiz və yüksək peşəkarlıqla tibbi xidmət göstərilir. Bu işdə xüsusi rolu olan Baş Klinik Hospitalda yüksək ixtisaslı peşəkar həkimlərimiz çalışırlar. Hospital 100 mindən artıq heyəti olan Orduya xidmət edir. Burada yalnız müharibədə yaralanmış qazilərimiz müalicə almırlar. Ali rütbəli zabitlərdən, əsgərlərdən tutmuş ehtiyatda olan zabitlərə, onların ailə üzvlərinədək hər kəsə Baş Klinik Hospitalda tibbi yardım göstərilir. Müharibədə yaralanmış qazilərimizin hamısı birbaşa Baş Klinik Hospitala yönləndirilmir. Bu, heç fiziki cəhətdən də mümkün olan məsələ deyil. Bundan ötrü hər rayonda yerli xəstəxanalar var. Təxris olunanlar həmin xəstəxanalarda ilkin müayinədən keçdikdən sonra zərurət yaranarsa, hospitala göndərilirlər. Hospitalda ilk növbədə 20 il xidmət göstərmiş, güzəştli imtiyazları olan və hazırda xidmət keçən hərbçilər müalicəyə cəlb edilirlər. Yerdə qalanları isə əslində TƏBİB-ə müraciət etməlidirlər. Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununda da qeyd olunur ki, hərbi qulluqçuların xidmət yerində hərbi-tibbi idarələr olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda idarə mənsubiyyətindən asılı olmayaraq, bütün mülki səhiyyə idarələrində onlara pulsuz yardım göstərilməlidir. Amma buna baxmayaraq, Hospital müraciət edən hər bir hərbçiyə, qaziyə bacardığı yardımı göstərir.

“Son zamanlar cəmiyyətdə xüsusi narazılığa səbəb olan əlillik dərəcəsəinin verilməsinə gəlincə isə bu, Müdafiə Nazirliyinin yox, birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətində olan məsələdir. Qazilərimiz oraya müraciət etməzdən öncə onların şəhadətləndirilməsi lazımdır. Bu işi Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyası həyata keçirir. Şəhadətnamə alandan sonra Forma-88 sistemə daxil edilir. Ondan sonra əlillik məsələlərinə artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılır. Onların sənədləri sürətlə rəsmiləşdirilir, e-sistemə daxil edilir, ümumilikdə, əyani müayinə əsasında əlillikləri qiymətləndirilir. Artıq 200-ə yaxın qazimizlə bağlı ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Bu təyinatla əlaqədar onlara birdəfəlik sığorta ödənişi edilir, Prezidentin aylıq təqaüdləri, əlilliyə görə aylıq pensiya və ya müavinətlər də proaktiv qaydada, yəni, elektron sistem vasitəsilə təyin olunur. Göründüyü kimi, Vətən Müharibəsində şüacaət göstərərək torpaqlarımızı işğaldan azad edən, öz sağlamlığı bahasına xalqa Qələbə sevinci yaşadan qazilərimiz bir an belə olsun diqqətdən kənarda qalmırlar. Dövlətimiz onların müalicəsi, reabilitasiyası və sosial təminatlarının gücləndirilməsi üçün lazımı tədbirləri yüksək səviyyədə həyata keçirir və bundan sonra da keçirəcək. Bunun əksini iddia edənlər isə müvafiq qanunvericiliyi bilməyən insanlardır. Nəticədə cəmiyyətdə çaşqınlıq yaranır. Vətəndaşlarımız elə düşünürlər ki, Müdafiə Nazirliyinin Tibb İdarəsi və Baş Klinik Hospitalın fəaliyyətində ciddi nöqsanlar mövcuddur. Əslində hər iki qurum öz üzərinə düşən işin öhdəsindən layiqincə gəlir. Hərbi xidmət keçmək haqqında Qanunda bütün yazılanlara əməl olunur. Bu isə hərbi həkimlərimizi, qazilərimizin sağalmalarında əməyi olan bütün tibii personalın işinə kölgə salır. Əksinə, biz onları həvəsləndirməli, çətin işlərində mənəvi dəstək olmalıyıq”, - deyə İsgəndər Quliyev bildirib.