İslam həmrəyliyinin problemləri və onların həlli yolları I

Müsəlmanların sosial-iqtisadi, sosial-mədəni səviyyələrinin uyğunlaşması və inteqrasiyası İslam həmrəyliyinin vacib şərtidir.

İslam həmrəyliyinin problemləri və onların həlli yolları I
Dos.Dr.Rauf Məmmədov

İslam həmrəyliyinin problemləri və onların həlli yolları I

1.6 milyard nüfusa malik olan müsəlmanlar dünya əhalisinin təqribən 4/1-ni təşkil edirlər. Tarixi müharibələr, irşad missiyaları və immiqrasiya prosesləri nəticəsində müsəlmanlar dünyanın bütün istiqamətlərinə yayılmışlar. Bu gün, Qərb ölkələrində və Rusiyada yaşayan  müsəlmanlar əsasən həmin cəmiyyətlərin sosial-iqtisadi inkişafını təmin edən ucuz işçi qüvvəsi qismində iştirak edirlər. Müsəlmanların demoqrafik baxımdan sürətli inkişafı və konservativliyi, dünyanın müxtəlif mültikultural cəmiyyətlərində müsəlman identikliyinin sosial-demoqrafik dominantlığını təmin edir. Lakin, əksər müsəlmanların savadlılıq səviyyəsinin aşağı olması, onların müxtəlif məzhəb, təriqət, etnik mənsubiyyət identikliklərinin “müsəlman kimliyi” üzərinə çıxması, müsəlmanların məskunlaşdığı cəmiyyətlərin sosial-siyasi və mədəni həyatına təsir etmək imkanlarını məhdudlaşdırır. Bu baxımdan, müxtəlif ölkələrdə olan müsəlman ölkələrinin səfirlikləri, diasporaları, məscidləri, həmin cəmiyyətdə yaşayan müsəlmanların birliyi, təşkilatlanması, peşəkarlığı və savadlılığı istiqamətində strateji fəaliyyət proqramlarına malik olmalıdırlar. Bu istiqamətdə İƏT-nın daxilində İslam Həmrəyliyi Koordinasiya Şurasınının yaradılması məqsədəuyğundur.    

      İƏT-də bir araya gələn 57 müsəlman ölkəsi birgə sosial-iqtisadi, siyasi və mədəni qərarların verilməsinə, birgə layihələrin həyata keçirilməsinə müəyyən qədər nail olurlar. Lakin, araşdırmalar göstərir ki, müsəlman ölkələrinin həmrəyliyi və müasir sivilizasyon inkişafı istiqamətində həll olunmayan problemlər daha çoxdur.

       Bu gün, dünya enerji qaynaqlarının böyük qismi müsəlman ölkələrinin payına düşməsinə və müsəlman ölkələri əhalisinin orta hesabla 70-80% əməkqabiliyyətli gənc və cavan insanlardan təşkil olunmasına baxmayaraq, dünyanın ən yoxsul 48 ölkəsindən 22-i müsəlman ölkələrinə aiddir. İslam coğrafiyasında olan insanların 67%-nin ümumi illik gəliri 500 ABŞ dollarından aşağıdır. 57 müsəlman ölkəsində ümummilli gəlir təqribən 4 trilyon dollar olduğu halda, yalnız Yaponiyada ümummilli gəlir təqribən 3.8 trilyon dollardır (1).  2009-cu ildə dünya iqtisadiyyatında payına (ÜDM) görə, ABŞ 24.6%, Yaponiya 8.7%, Almaniya 8.5%, 57 İƏT ölkəsində isə 7.2% təşkil etmişdir. Müsəlman ölkələrinin öz aralarında da böyük fərqlər vardır. Məsələn, ümummilli gəlir səviyyəsinə görə Türkiyə 821 milyard dollarla birincidir. Biz, Türkiyə ilə Yəməni, bir çox Afrika müsəlman ölkələrini müqayisə edə bilmərik. Müsəlman ölkələrinin iqtisadi inkişafında olan problemlər və onların öz arasında olan kəskin fərqlər, müsəlman ölkələrinin transmilli maliyyə mərkəzlərindən (DB, BVF) asılılığını artırır və onların bir-biri ilə sosial-iqtisadi inteqrasiyasına mane olur. Maliyyə və iqtisadi baxımdan asılı ölkələrin liderləri öz siyasi iradələrini də itirirlər. Bunun qarşısını almaq üçün, müsəlman ölkələrinin alternativ iqtisadi modelə keçməsi və ortaq valyuta əsasında ticarət əlaqələrini qurması vacibdir.  Müsəlman ölkələrinin daxilində milli valyutanın senyoraj haqqı həmin ölkələrin özünə aid olmalı və müstəqil emissiya siyasətinin əsası qoyulmalıdır. Bunun üçün, müsəlman ölkələrində  Prof. Haydar Baş tərəfindən ortaya qoyulan və kapitalizm, sosializm modellərinə alternativ olan “Milli Ekonomi Model” əsərinin dəyərləndirilməsi və tətbiqi istiqamətində xüsusi dövlət komissiyanın yaradılması məqsədəuyğundur.

      Bu gün, müsəlman ölkələri elm və təhsil sahəsində də çox geridədirlər. Dünya müsəlmanlarının yarısından çoxu savadsızdırlar. İƏT-nın 57 ölkəsi ərazisində fəaliyyət göstərən cəmi 500 universitet vardır (təqribən 3 milyon nəfərə 1 universitet düşür). ABŞ-da isə, 5758 universitet vardır (hər 57 min nəfərə bir universitet). Müsəlman ölkələrində olan universitetlərin əksəriyyəti öz təhsil səviyyəsinə görə sonuncu yerlərdə qərar tuturlar. Çünki müsəlman ölkələrində orta hesabla ümummilli gəlirin 0.2%-i elm sahəsinə ayrılırsa, Qərb ölkələrində bu göstərici 5%-dir. Buna görə də, yüksək texnologiyalı məhsulların ixracında Sinqapur 58%, müsəlman ölkələrində isə orta hesabla 0.2%-0.3% təşkil edir (2).  

     Müsəlman ölkələrin təbii resurs imkanlarını 70-80% təşkil edən əməkqabiliyyətli insanların elm-təhsil səviyyəsinin yüksədilməsinə, insan resurslarının inkişaf etdirilməsinə sərf olunması üçün, elm-təhsil sahəsinə qoyulan investisiyaların həcmi bir neçə dəfə artırılmalı və müasir texnologiyaların inkişaf etdirilməsi istiqamətində sərmayələr qoyulmalıdır. Bu işlərin görülməsini təmin etmək üçün, elmin təşkili məsələlərini yüksək standartlara uyğunlaşdırmaq və dünyadakı beyin axını istiqamətini müsəlman ölkələrinə cəlb etməyin yollarını düşünmək lazımdır. Bunun üçün müstəqil iqtisadi siyasətin gerçəkləşdirilməsi və böyük siyasi iradənin ortaya qoyulması şərtdir. Azərbaycanın insan resursları sahəsində müəyyən uğurlar əldə etdiyini nəzərə alsaq, onun müsəlman ölkələrinin elm-təhsil və müasir texnologiyalar məzkəzinə çevrilməsinə şərait yaratmaq olar. Bunun üçün, bir çox zəngin ərəb ölkələrinin (Məsələn, Qətərin) bu istiqamətdə Azərbaycana investisiya qoyması daha doğru olardı. Müsəlman ölkələrində elm-təhsil səviyyəsinin yüksəlməsi, onlar arasında sosial-mədəni inteqrasiyanın daha da güclənməsinə, müsəlman ölkələrinin mühüm bir sivilizasiya mərkəzinə çevrilməsinə şərait yaradacaqdır.   

    

  1. Müsəlmanların sekulyar təməl üzərində siyasi inteqrasiyası İslam həmrəyliyinin vacib şərtidir.

     Təbii ehtiyatlara və əməkqabiliyyətli işçi qüvvəsinə malik olan müsəlman ölkələrinin müasir inkişafdan geri qalmasının səbəbləri nədir?

     Sivilizasiyaların inkişafını dinlərlə bağlayan M. Veber, A. Toyinbi, S. Hantinqton kimi bir çox Qərb tədqiqatçıları öz əsərlərində Qərbin inkişafını xristianlığın dəyərləri ilə bağlamağa çalışdıqları halda, müsəlmanların geriliyini İslam dini ilə bağlamağa səy göstərirlər. Onlar bununla,  xristianlığın mütərəqqi, islam dininin isə, qeyri-mütərəqqi din olduğunu bildirirlər. Halbuki, XVIII əsrdən başlayaraq Qərb sivilizasiyası, xristianlıq dəyərlərinin inkarı və liberal sekulyar sistemin qələbəsi kimi meydana çıxmışdır. Yəni, əsrlərlə dini zəmində vətəndaş müharibələrinə səhnə olan Avropa, din və dövlət işlərini bir-birindən ayırmaqla və dinin fərdin şəxsi həyatı ilə bağlı olduğunu irəli sürməklə, daxili münaqişələrdən xilas oldu. Avropa cəmiyyətində dinin, dövlətin və ruhani zümrənin əlində siyasi-ideoloji alət olmaqdan çıxarılması nəticəsində yaranan sülh şəraiti iqtisadiyyatın inkişafına, onun bazasında dayanan elm-təhsil sisteminin formalaşmasına, texnoloji tərəqqi və insan resurslarının irəliləməsinə, demokratik idarəetmə sisteminin tətbiq olunmasına səbəb oldu.

      XIX əsrin sonu və XX əsrin əvvəllərindən başlayaraq, bir çox Şərq ölkələri də demokratiyanın və sekulyarizmin alternativi olmadığını anladılar. Azərbaycanda ADR hökumətinin, Türkiyədə Atatürkün gətirdiyi islahatlar bu cəmiyyətlərin fərqli istiqamətdə inkişafının təməlini qoydu. Azərbaycan, SSRİ-nin tərkibində öz milli inkişaf modelini yaratdı. Yəni, Azərbaycanda islam dəyərləri öz varlığını ədəbiyyat, incəsənət vasitəsilə qorudu və onların vasitəsilə təhsil sistemində milliləşmə prosesi getdi. Beləliklə, dini dəyərlər dini qurumların və dini xadimlərin inhisarından çıxaraq, dolayı yolla milli dilin inkişafında və milli təhsil sistemində təcəssüm etdi. Təbii ki, çox çətinliklə reallaşan bu məsələlərin həyata keçməsində həmin dövrün siyasi liderlərinin, xüsusilə, ümummilli lider Heydər Əliyevin müstəsna rolu olmuşdur.

       XX əsrin ortalarından başlayaraq Yaxın Şərqin bir çox ərəb ölkələri də sekulyar dövlət modelinə keçid etmişlər. Onlar, ənənəvi monarxiya, sosializm, ərəb millətçiliyi və islam sintezindən ortaya çıxan yeni inkişaf yoluna qədəm qoydular (Misir, Suriya, İraq, Yəmən). Bu islahatlar, bəzi ərəb ölkələrində qəbiləçilik, tayfaçılıq, etnik təəssübkeşlik, irqçilik, məzhəbçilik, təriqətçiliyin zəifləməsinə və ortadan qalxmasına şərait yaratmadı. Çünki BAAS rejiminin liderləri öz ölkələrinə demokratiyanı, sekulyarizmi və milli birliyi qura bilmədilər. Onlar da, öz hakimiyyətlərini qəbiləçilik, tayfaçılıq, məzhəbçilik, təriqətçilik sistemi üzərində inşa edən ənənəvi monarxiya rejimlərinin varislərinə çevrildilər. Onlar vaxtında demokratiya və sekulyarizm prinsipləri əsasında milli birliyi təmin edə bilmədikləri üçün, öz içlərində kənar qüvvələrin təzyiqi ilə baş qaldıran etnik-dini separatçılıq hərəkatlarının qurbanına çevrildilər. Lakin, müstəqilliyin ilk dövrlərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında xalqın separatçı rejimlərə qarşı bir araya gəlməsi, Türkiyədə 15 iyul 2016-cı il hərbi çevriliş cəhdinin xalqın birliyi nəticəsində baş tutmaması bir daha təsdiq etdi ki, Azərbaycan və Türkiyə cəmiyyətləri milli birlik istiqamətində böyük bir tarixi yol keçmişlər. Təbii ki, burada milli liderlərin rolunu da nəzərə almaq lazımdır.    

      Müsəlman ölkələrinin fərqli sosial-siyasi struktura malik olması, onların bir araya gəlməsinə, həmrəyliyinə maneçilik törədən amillərdən biridir. Müsəlman ölkələrində demokratiya və sekulyarizm prinsiplərinin inkişafı, onların birliyini şərtləndirir. Çünki bu prinsiplər cəmiyyəti tədricən qəbiləçilik, tayfaçılıq, məzhəbçilik, təriqətçilik sistemi fövqündə formalaşan “milli kimlik”də birləşdirir. Bu kimlikdə ortaq mənəvi dəyərlər dominantlıq edir. Əslində, “milli kimlik” müsəlman milləti fenomeni ilə adekvatdır. Məsələn, Türkiyədə “türk”, Azərbaycanda “azərbaycanlı” milli kimliyi superetnik müsəlman kimliyi ilə üst-üstə düşür. Buna görə də, müsəlman ölkələrinin demokratiya və sekulyarizm prinsipləri əsasında inteqrasiyası, gələcəkdə siyasi-mədəni islam sivilizasiyası identikliyinin formalaşmasına xidmət edir. Bu birlik, Avropa Birliyi nümunəsində meydana çıxa bilər.   

 

  1. “İpək Yolu” İslam həmrəyliyinin təmini üçün tarixi fürsətdir.

      Bu gün, Böyük Britaniya, Çin, Türkiyə, Azərbaycan, İran, Orta Asiya, Qətər və digər ölkələrin vasitəsilə həyata keçirilən “İpək Yolu” layihəsi müsəlman ölkələrinin bir araya gəlməsi və inkişaf etməsi üçün böyük tarixi fürsətdir. Çünki orta əsrlərdə inkişaf etmiş İslam sivilizasiyası bu layihə üzərində gerçəkləşmişdir. “İpək Yolu” layihəsi müstəvisində müsəlman ölkələrinin bir-biri ilə sosial-iqtisadi, sosial-mədəni və siyasi əlaqələri daha da güclənəcəkdir. Bu əlaqələr İƏT çərçivəsində inkişaf edərək müsəlman dövlətlərinin siyasi-hərbi, iqtisadi birliyi şəklində inkişaf etdirilə bilər. Bu iqtisadi məkanda vahid pul sisteminin yaradılması imkanları da genişdir. Təbii ki, bu proseslərin ardınca insan resurslarının inkişafına şərait yaradan elm-təhsil sisteminin irəliyə aparılması, innovativ texnologiyaların yaradılması istiqamətində elmi mərkəzlərin formalaşdırılması mümkündür. Lakin, bu birliyin bazisini, müsəlmanların məzhəb, təriqət, irq, qəbilə, etnik mənsubiyyət təəssübkeşliyindən qurtularaq, onların fövqündə vahid müsəlman sivilizasiyası identikliyi təşkil etməlidir. Əks təqdirdə, bu layihənin keçdiyi ərazilərdə yaşayan sünni, şiə, türk, kürd, ərəb, fars xalqları bir-biri ilə çəkişərək layihənin gerçəkləşməsinə mane olacaq və yenidən bu separatçılığı bölgədə körükləyən dövlətlərin işğalına məruz qalacaqlar.   

     Azərbaycan islam həmrəyliyinin inkişaf etdirilməsi istiqamətində Türkiyə ilə bərabər lider rol oynayan bir ölkədir. Bakıda İslam həmrəyliyi oyunlarının və digər tədbirlərinin yüksək səviyyədə keçirilməsi, Azərbaycanın İƏT-da bütün bütün tədbirlərində fəal iştirak etməsi, Azərbaycanda məzhəblərin vəhdəti istiqamətində nailiyyətlərin əldə edilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin hüquqları pozulan müsəlman əhalisinin mövqeyini beynəlxalq səviyyədə müdafiə etməsi və digər bu kimi fəaliyyətlər bunu təsdiq edir.

     Azərbaycanın Türkiyə ilə bərabər Bakı-Tiflis-Qars (BTQ) xəttinin, həmçinin, transanadolu layihəsinin (TANAP) həyata keçirilməsində birgə fəliyyətləri, Azərbaycanın şimal-cənub xətti üzrə İran və Rusiya ilə əməkdaşlığı regionda sülhün təmin olunması və regional inkişafın təmin olunması baxımından çox böyük əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyənin son dövrdə birgə fəaliyyətləri müsəlman coğrafiyası üçün, hətta Avropanın enerji təhlükəsizliyi üçün çox böyük əhəmiyyətə malikdir. Bu baxımdan, Azərbaycan və Türkiyənin beynəlxalq “İpək Yolu” layihəsində birgə fəaliyyətləri müsəlman ölkələrinin perspektiv inkişafı və həmrəyliyi, həmçinin Avroasiya məkanında sülh və inkişaf istiqamətində atılan fundamental addımlar kimi dəyərləndrmək olar.

     İstanbulda keçirilən İƏT çərçivəsində Qüdsdə fələstinlilərin beynəlxalq hüququnun pozulması ilə bağlı etiraz toplantısında “Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq” deyən Prezident İlham Əliyev bir daha göstərdi ki, Türkiyə Azərbaycanla birlikdə dünya siyasətində mühüm rol oynayan böyük aktorlar kimi daima ədalətin, beynəlxalq hüququn, insan hüquqlarının yanındadırlar. Bu baxımdan, Azərbaycan və Türkiyəni müsəlman coğrafiyasının lider ölkələri kimi dəyərləndirsək yanılmarıq və bu istiqamətdə Azərbaycanın özünün xüsusi missiyası vardır.        

    

4.  İslam həmrəyliyi Əhli-Beyt təməli üzərində bərqərar ola bilər.

 Hz. Muhəmməd (s.ə.v) Vida Həccində buyurdu: "Sizə iki əmanət qoyuram. Biri Allah’ın Kitabı Quran, digəri soyumdan olan Əhli-Beytimdir. Onlara sarıldığınız müddətcə hidayətdəsiniz." ..“Ey insanlar! Hamınız Adəmdənsiniz. Adəm isə torpaqdandır. Nə ərəbin əcəmə, nə də əcəmin ərəbə üstünlüyü yoxdur. Üstünlük ancaq təqva ilədir. Bütün müsəlmanlar qardaşdır. Hər müsəlman digər müsəlmanın qardaşıdır.”(3).

     Qurani-Kərimdə buyurulur: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!” (Ali-İmran 103).

     Qurani-Kərim bu ayələri və Hz. Muhəmməd (s.ə.v) Vida Həccində ifadə etdiyi sözlər bir-birini tamamlayır və təsdiq edir ki, Quran Əhli-Beytin batini, Əhli-Beyt də Quranın canlı zahiridir. Bu iki əmanətdən birini tərk etmək, onun hər ikisindən məhrum olmaq deməkdir. Onlar bir quşun iki qanadı kimidir. Birlikdə hidayət, azadlıq, inkişaf və bərəkət varsa, təklikdə azğınlıq, məzlumluq, gerilik və səfalət vardır. Bu gün və keçmişdə müsəlman coğrafiyasında yaşanan xoşagəlməz halların səbəblərini bu prizmadan dəyərləndirmək doğru olardı.   

İslam həmrəyliyinin nə sünnilik, nə şiəlik bayrağı altında təmin olunması mümkündür. Tarixi təcrübə bizə dəfələrlə təsdiq etdi ki, müsəlmanlar Qurani-Kərim və Əhli-Beyt sevgisi üzərində bir araya gəlməyincə iflas ilə üzləşməyə məhkumdurlar.