Adil Karaismailoğlu: Bakı-Tbilisi-Qars vasitəsilə Asiyadan Avropaya fasiləsiz dəmir yolu bağlantısı təmin olunub.....

2003-cü ildən indiyədək Türkiyənin bütün dəmir yolu xətləri yenilənib. Şəhərlərarası sürətli dəmir yolu xətləri ilə Türkiyə Avropada altıncı, dünyada səkkizinci yerdədir. Dünyanın ən vacib layihələrindən biri olan Marmaray vasitəsilə iki qitə dənizin altından bir-birinə bağlanıb. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı ilə Asiyadan Avropaya fasiləsiz yükdaşıma bağlantısı təmin olunub.

<Adil Karaismailoğlu: Bakı-Tbilisi-Qars vasitəsilə Asiyadan Avropaya fasiləsiz dəmir yolu bağlantısı təmin olunub.....

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu İstanbulda keçirilən XII Nəqliyyat və Rabitə Şurasının Sağlam Düşüncə Konfransının açılış mərasimində çıxışı zamanı bildirib.

Qeyd edilib ki, bundan əvvəl olduğu kimi, bundan sonra da nəqliyyat və rabitə sektoru başda iqtisadiyyat olmaqla hər sahə üzrə inkişafın ana xətti kimi vacib vəzifələri öz üzərinə götürəcək.

Nəqliyyat və rabitə sahəsinin ölkənin inkişafı baxımından ən vacib sahələrdən biri olduğunu vurğulayan nazir deyib: “Türkiyədə nəqliyyat layihələrinə ayrılan vəsait hər il artır. Nazirlik və aidiyyəti qurumlar dövlətin ümumi sərmayə büdcəsindən 2021-ci il sərmayə proqramı çərçivəsində 31 faiz pay alıb ki, bu da göstəricilər arasında ən çox pay deməkdir. Bu sərmayələr inkişaf edən Türkiyənin dünyanın ən böyük 10 iqtisadiyyatı arasında yer almasına dair planların bir hissəsidir. 2021-ci ildə bu sektora ayrılan 44,8 milyard türk lirəsi məbləğində vəsaitlə nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsinə tam sürətlə davam edirik”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul