Bilik Günü münasibətilə Azərbaycan könüllüləri arasında intellektual yarış keçirilib.....

Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən həyata keçirilən tədbir və layihələr çərçivəsində könüllülərin olduqca böyük maraq göstərdikləri və fəal iştirak etdikləri intellektual müsabiqələr davam edir.

<Bilik Günü münasibətilə Azərbaycan könüllüləri arasında intellektual yarış keçirilib.....

AKTİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan könüllüləri arasında Bilik Gününə həsr olunmuş növbəti intellektual müsabiqə keçirilib. Könüllülərin asudə vaxtlarının səmərəli və əyləncəli təşkili, onların intellektual fəaliyyətə cəlb olunması, eləcə də bu sahədə bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədilə keçirilən müsabiqədə İttifaqa üzv təşkilatları təmsil edən 75 könüllü iştirak edib. Belə ki, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində baş tutan müsabiqədə hər birində 5 könüllü olmaqla 15 komanda mübarizə aparıb. “Nə? Harada? Nə zaman?” formatında keçirilən ilkin mərhələdə 8 komanda fərqlənərək “Xəmsə” formatında keçirilən növbəti turda iştirak hüququ qazanıb.

Həlledici mərhələdə “Miqrasiya Könüllüsü” İctimai Birliyini təmsil edən komanda bütün rəqiblərini üstələyərək müsabiqənin qalibi olub. “AFFA və AVRO-2020” könüllülər proqramı və “Könüllü Dost” proqramını təmsil edən komandalar isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Yarışdan sonra keçirilən mükafatlandırma mərasimində qalib komandalara kubok, medal və dəyərli hədiyyələr təqdim olunub.

Müsabiqə Azərbayacan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun və “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə baş tutub.

Qeyd edək ki, İttifaqın fəaliyyəti çərçivəsində Azərbaycan könüllüləri arasında müxtəlif intellektual müsabiqələrin, eləcə də əyləncəli idman yarışlarının növbəti aylarda da davam etdirilməsi nəzərdə tutulub.