Deputat: Azərbaycan üzv olduğu bütün təşkilatlarda ən etibarlı tərəfdaş kimi tanınır....

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Türkmənistanın paytaxtı Aşqabadda keçirilən XV Zirvə Toplantısında çıxış edərək İƏT-in siyasi-iqtisadi, geosiyasi əhəmiyyətini, ölkəmizin bu təşkilatda daim fəal olduğunu, üzv dövlətlər arasında münasibətlərin dostluq və qarşılıqlı hörmətə əsaslandığını xatırladıb. Ümumiyyətlə, İƏT-in üzvü olan ölkələr bir neçə beynəlxalq platformada, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq edirlər. Çox mühüm coğrafiyanı əhatə edən İƏT üzvlərinin əməkdaşlığı bu mənada böyük fayda verə bilər. Qürurla qeyd etmək istərdim ki, Azərbaycan üzv olduğu bütün təşkilatlarda dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıqda ən etibarlı tərəfdaş kimi tanınır. Bu etimadın nəticəsidir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzi Azərbaycanda yerləşəcək. Dövlətimizin başçısı bu Mərkəzin İƏT çərçivəsində əməkdaşlığa önəmli töhfə verəcəyini əminliklə bildirdi.

<Deputat: Azərbaycan üzv olduğu bütün təşkilatlarda ən etibarlı tərəfdaş kimi tanınır....

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı söyləyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev çıxışında ölkəmizdə son illərdə bütün sahələrdə aparılan uğurlu islahatlar, iqtisadiyyatımızın ilbəil sürətlə artan inkişafı, qlobal maliyyə böhranı və pandemiya mühitində artan xarici sərmayə qoyuluşu, yoxsulluq və işsizliyin səviyyəsinin minimum həddə salınması və əldə olunmuş nailiyyətlərin beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilməsi haqqında məlumatları üzv dövlətlərin rəhbərlərinin diqqətinə çatdırdı. Dövlətimizin başçısı həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə COVID-19 pandemiyasının ilk günündən görülmüş və beynəlxalq təşkilatlar tərəfindən təqdir edilmiş işlərlə bağlı məlumat verdi. “Peyvənd millətçiliyi”ni kəskin tənqid etməklə bərabər, bu xəstəliyə qarşı mübarizədə beynəlxalq aləmdə səylərin səfərbər olunmasının zəruriliyini vurğuladı.

“Ümumiyyətlə, ötən dövr ərzində bütün beynəlxalq tədbirlərdə və yüksək kürsülərdə Prezident İlham Əliyev Azərbaycanın milli marağı olan, uzun illər məruz qaldığımız Qarabağın işğalını, bu problemlərin həllində beynəlxalq təşkilatların susqunluğunu və riyakar mövqeyini çəkinmədən, qətiyyətlə səsləndirib. Zirvə Toplantısında Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində qazandığımız Zəfəri, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyulması, Ermənistanın məğlubiyyət və kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə bağlı həmkarlarını bir daha məlumatlandırıb. Erməni vandalizmi haqqında danışarkən dövlətimizin başçısı işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndlərin, eləcə də mədəni və dini irs abidələrimizin yerlə-yeksan olunması, müsəlmanlara qarşı təhqir və nifrət hesab edilən 67 məsciddən 65-nin tam dağıdılması təhqir edilməsi, qəbiristanlıqların darmadağın edilməsi haqqında məlumatları Zirvə Toplantısında iştirak edənlərə çatdırmaqla, getdikcə artan islamofobiya mühitində islam ölkələrinin həmrəyliyinin zəruriliyindən danışıb. Yekun olaraq, demək istərdim ki, Prezident İlham Əliyevin İƏT-in Zirvə Toplantısındakı çıxışı Azərbaycan dövlətinin gücünün, nüfuzunun, sürətli inkişafının göstəricisi olmaqla, İƏT çərçivəsində beynəlxalq əməkdaşlığın üzv ölkələr üçün çox faydalı və zəruri ehtiyac olmasının ifadəsi idi”, - deyə Məlahət İbrahimqızı vurğulayıb.