Deputat: Ələt Azad İqtisadi Zonası ölkəmizin regionda strateji əhəmiyyətini daha da artıracaq.....

Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm layihədir və onun reallaşdırılması milli iqtisadiyyatımızın dinamik inkişafına töhfə verəcək.

<Deputat: Ələt Azad İqtisadi Zonası ölkəmizin regionda strateji əhəmiyyətini daha da artıracaq.....

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, pandemiyanın dünyada yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan heç bir sosial-iqtisadi layihəni dayandırmır, əksinə, daha böyük layihələrə imza atır. Bunun növbəti təzahürü Prezident İlham Əliyev tərəfindən Ələt Azad İqtisadi Zonasının təməlinin qoyulmasıdır. Azərbaycanın Vətən müharibəsindəki tarixi Zəfərindən sonra regionda yeni reallıq yaranıb. Ələt Azad İqtisadi Zonası isə Azərbaycana böyük iqtisadi dividentlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq.

S.Mikayılovanın sözlərinə görə, bu layihə ölkəyə xarici investisiyanın cəlb olunması baxımından da mühüm əhəmiyyət kəsb edir. “Xarici investor bir ölkəyə sərmayə yatırmaq istəyəndə, ilk növbədə, həmin ölkənin iqtisadi inkişaf perspektivlərini, beynəlxalq reytinqlərdə necə təmsil olunduğunu, təhlükəsizliyin hansı səviyyədə olması və sair amilləri nəzərə alır. Bu gün ölkəmizin iqtisadi inkişafı göz qabağındadır. Bütün sahələr üzrə müsbət artım dinamikası müşahidə edilir, Azərbaycan beynəlxalq reytinq cədvəllərində ön sıralarda qərarlaşır. Eyni zamanda, Azərbaycan dünyada ən təhlükəsiz ölkələr siyahısındadır. Digər tərəfdən, Ələt Azad İqtisadi Zonası beynəlxalq ticarət qaydaları çərçivəsində fəaliyyət göstərəcək ki, bu da investisiyanın cəlb olunması üçün ən vacib amillərdəndir”, - deyə deputat qeyd edib.

Layihənin icrasının yeni iş yerlərinin yaradılması, xüsusən də ixtisaslı kadrların işlə təmin olunmasında böyük rol oynayacağını vurğulayan S.Mikayılova deyib: “Ələt Azad İqtisadi Zonası xüsusən xaricdə təhsil almış gənclərimizə yeni iş imkanı yaradacaq. İnvestisiya yatıran həm yerli, həm də xarici aparıcı şirkətlərin olacağını nəzərə alsaq, əməkhaqlarının da yüksək olacağını proqnozlaşdırmaq mümkündür. Həmçinin zonanın paytaxta yaxın olması burada istehsal ediləcək məhsulların həm yerli, həm də xarici bazarlara ixrac imkanlarını da artırır”.