Ölkəmizdə heyvan xəstəliklərindən azad zonanın yaradılması ilə əlaqədar tədbirlərə başlanılıb.....

Hazırda dünyanın 70 ölkəsində xırdabuynuzlu heyvanlar arasında yayılan taun xəstəliyi ilə əlaqədar mübarizə tədbirləri həyata keçirilir. Bu xəstəlik qoyun və keçilərin 80 faizindən çoxunun cəmləşdiyi və əsas gəlirləri xırdabuynuzlu heyvanların saxlanılmasından əldə edən regionlarda hər il 1,5-2 milyard dollar dəyərində itkiyə səbəb olan yoluxucu xəstəlikdir. Xəstəlik insanlara yoluxmasa da, ciddi iqtisadi itkilərə səbəb olur və vəhşi təbiətdə yaşayan heyvanların da məhv olunması ilə nəticələnir. Eyni zamanda xırdabuynuzlu heyvanların taun xəstəliyi heyvan mənşəli məhsulların ölkələrarası dövriyyəsinə də maneəçilik yaradır.

<Ölkəmizdə heyvan xəstəliklərindən azad zonanın yaradılması ilə əlaqədar tədbirlərə başlanılıb.....

Xırdabuynuzlu heyvanların taun xəstəliyi Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) Transsərhəd heyvan xəstəliklərinə mütərəqqi nəzarət üzrə Qlobal Çərçivəsinin (GF-TADs) 5 illik fəaliyyət planında göstərilən prioritet xəstəliklərindən biridir və 2030-cu ilə qədər dünyada ləğv olunması nəzərdə tutulur.

Qida Təhlükəsizliyi Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (OIE) üzv ölkələr öz ərazisinin xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olmasının OIE tərəfindən rəsmi tanınması və xəstəlik üçün milli nəzarət proqramının təsdiqi ilə bağlı müraciət etmək imkanına malikdir.

Ölkəmizdə də heyvan xəstəliklərindən azad zonanın yaradılması ilə bağlı işlərə başlanılıb və bu sahədə müvafiq tədbirlər həyata keçirilir. Həmin tədbirlər çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Texniki Əməkdaşlıq Proqramı çərçivəsində noyabrın 10-12-də FAO Baş qərargahının iki ekspertinin Azərbaycana səfəri gözlənilir. Səfər çərçivəsində ölkəmizin xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyindən azad elan olunması ilə əlaqədar sənədləşdirilmə işləri, Azərbaycan hökuməti tərəfindən hazırlanan müvafiq sənədlərin tamamlanmasına texniki dəstək göstərilməsi nəzərdə tutulur. Həmçinin agentlik tərəfindən heyvan sağlamlığı və qida təhlükəsizliyi üçün xırdabuynuzlu heyvanların taun xəstəliyi təhlükəsi mövzusunda maarifləndirmə işləri aparılacaq və xəstəlikdən rəsmi azad ölkə statusunun əldə olunması ilə bağlı zəruri tədbirlər həyata keçiriləcək.