“Tokio-2020”: Medal sıralamasında Azərbaycan onuncu pillədə yer alıb.....

Avqustun 27-də - “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının üçüncü günündə 50 ölkənin idmançıları medal qazanıblar.

<“Tokio-2020”: Medal sıralamasında Azərbaycan onuncu pillədə yer alıb.....

AZƏRTAC xəbər verir ki, medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 19 qızıl, 10 gümüş və 14 bürünc medal qazanıblar. İkinci pillədə 9 qızıl, 10 gümüş və 9 bürünc medalla Böyük Britaniya təmsilçiləri, üçüncü yerdə isə 9 qızıl, 7 gümüş və 10 bürünc medalla Rusiya Paralimpiya Komitəsinin atletləri qərarlaşıblar.

Avstraliya 7 qızıl, 4 gümüş, 8 bürünc medalla dördüncü, ABŞ isə 6 qızıl, 5 gümüş və 1 bürünc medalla beşincidir. Digər pillələrdə Braziliya (6-4-7), Niderland (5-4-3), İtaliya (4-5-4) və Ukrayna (3-16-6) qərarlaşıblar.

İlk onluğu Azərbaycan komandası 3 qızıl və 2 bürünc medalla qapayıb. Belə ki, paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Vüqar Şirinli (60 kq) qızıl, Namiq Abaslı (66 kq) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, “Tokio-2020”də ölkəmiz idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil olunur. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.