Ukraynadakı Azərbaycan diasporunun rəhbərləri və fəalları təltif ediliblər.....

Kiyevdə Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatlarının rəhbərləri və fəalları “Diaspor fəaliyyətində xidmətə görə” medalı, həmçinin “Pandemiya və Vətən müharibəsi dövründə göstərdiyi fəaliyyətə görə” təşəkkürnaməsi ilə təltif ediliblər.

<Ukraynadakı Azərbaycan diasporunun rəhbərləri və fəalları təltif ediliblər.....

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyində baş tutan təltifetmə mərasimində səfir Elmira Axundova, Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəblinin rəhbərlik etdiyi nümayəndə heyəti, Ukraynada fəaliyyət göstərən diaspor rəhbərləri və üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfirliyin ikinci katibi Samir Allahverdiyev bildirib ki, təltif olunan soydaşlarımız diasporun Azərbaycan dövləti ilə əlaqələrinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərdikləri xidmətlərə, eləcə də Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə, ölkəmizin beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı rollarına görə təltif olunublar.

Sonra çıxış edən səfir Elmira Axundova bildirib ki, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu diaspor siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının müasir dünyanın qlobal tələblərinə uyğun siyasi kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib, xaricdəki Azərbaycan icmaları arasında əlaqələr möhkəmlənib, haqq səsimizin dünyaya çatdırılması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi güclənib.

Ukraynada güclü diasporun olduğunu deyən diplomat bildirib ki, pandemiya dövründə və 44 günlük Vətən müharibəsi zamanı səfirliklə diaspor təşkilatları birgə səmərəli fəaliyyət göstərdi. Ermənistanın müharibə cinayətlərini Ukrayna ictimaiyyətinə çatdırmaq istiqamətində silsilə tədbirlər həyata keçirildi. Pandemiya dövründə Ukraynada yaşayan soydaşlarımıza, Azərbaycan vətəndaşlarına kütləvi yardımlar edildi.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun salamlarını və təşəkkürünü tədbir iştirakçılarına çatdıran Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli qeyd edib ki, bu gün Ukraynadakı Azərbaycan diasporu dünyanın ən güclü diasporlarından biridir. “Biz həm pandemiya dövründə, həm də 44 günlük Vətən müharibəsində bunun şahidi olduq. Ukraynadakı diaspor təşkilatları güclü tərəfə çevriliblər. Səfirliklə diaspor təşkilatları arasında koordinasiyalı fəaliyyət mövcuddur. Dövlət Komitəsi hər zaman onların yanındadır, onlara daim dəstək verməyə hazırdır”, - deyə Daşqın Rəcəbli əlavə edib.

Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad etdikdən sonra diasporumuz erməni məkrliyinə qarşı daha diqqətli olmalıdır.

Digər çıxış edənlər - Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq elmləri doktoru Hikmət Cavadov Ukraynadakı Azərbaycan diasporunun inkişafında görülən işlər barədə ətraflı məlumat veriblər.

Sonda Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və fəalları Oleq Krapivin, Hikmət Cavadov, Nəcəf Əhmədov, Sərxoş İsmayılov və Kifayət Cəfərova “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunublar. “Pandemiya və Vətən müharibəsi dövründə göstərdiyi fəaliyyətə görə” təşəkkürnaməsi isə Fəxrəddin Hüseynov, Arzum Məhərrəmov, Elşad İbrahimov, Murad Cəfərov, Şəhriyar Məhərrəmov, Rəşad Tağıyev, Daməd Əsgərov və Vaqif Nağıyevə təqdim edilib.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev