Vətən müharibəsində həlak olmuş sərhədçilərin anım tədbirləri keçirilib.....

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsində həlak olmuş sərhədçilərin anım tədbirləri keçirilib.

<Vətən müharibəsində həlak olmuş sərhədçilərin anım tədbirləri keçirilib.....

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, şəhid mayor Əliyev Malik Təvəkkül oğlu, baş leytenant Əzizov Elçin Əvəz oğlu, gizir Əliyev Vüsal Məhəmmədəli oğlu, kiçik gizirlər Ramazanlı Əlizamin Umud oğlu, Mustafayev Əkbər Natiq oğlu, Məmmədov Əli Zeynal oğlu, Quliyev Fərid Ayazxan oğlu və Abasov Davud Yalçın oğlunun anım mərasimlərində DSX-nin rəhbər heyəti, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Anım mərasimlərinin iştirakçıları şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri və əklil qoyublar.

Mərasimlərə qatılanlar Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində şəhidlərimizin qəhrəmanlığı, döyüş meydanında düşməni diz çökdürən igidlərimizin şücaət və fədakarlıqlarından danışıblar.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında xalqımızın müqəddəs savaşında bizlərə qalibiyyət sevinci yaşatmış şəhidlərimizin əziz xatirəsinin hər zaman minnətdarlıqla anılacağı, onların tariximizə yazdığı qəhrəmanlıq salnaməsinin gələcək nəsillər üçün örnək olacağı qeyd edilib. Qəhrəman oğullar böyütdüklərinə görə şəhidlərin valideynlərinə minnətdarlıq ifadə olunub.

Döyüş meydanında intiqamlarının alındığı, şəhidlərimizin qanlarının yerdə qalmadığı, Vətən qarşısındakı xidmətlərinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyi, onların adlarının əbədiləşdirildiyi, göstərdikləri şücaətlərə görə dövlətimizin başçısının müvafiq sərəncamları ilə xüsusi orden, medal və fəxri adlarla təltif olunduqları qeyd edilib.

Şəhidlərin ailə üzvləri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həlak olan qəhrəmanların xatirələrinin əbədiləşdirilməsi, ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.